15.12.2023

Kredit zəmanət mexanizminə ümumi baxış. Mahiyyəti və Azərbaycanda tətbiqi

Kredit zəmanət mexanizminin mahiyyəti  

Azərbaycan Respublikasında iqtisadiyyatın tarazlı və dayanıqlı inkişafına nail olmaq, habelə maliyyə sahəsində risklərin bölüşdürülməsinə əsaslanan kreditləşdirmə sisteminin formalaşdırılması dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının əsas  prioritetlərindən biri kimi müəyyən edilmişdir. Son illərdə müxtəlif istiqamətlərdə həyata keçirilən davamlı və məqsədyönlü islahatlar rəqabətqabiliyyətli və əlverişli biznes mühitinin, bu sahədə təkmil hüquqi bazanın və zəruri infrastrukturun formalaşmasına  səbəb olmuşdur. Hazırda ölkənin iqtisadi potensialının daha da artırılması məqsədilə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsinə, sahibkarlıq subyektlərinin zəruri maliyyə resursları ilə təmin edilməsinə, bu sahədə dövlət dəstəyinin gücləndirilməsinə ehtiyac duyulur.  

Beynəlxalq təcrübədə sahibkarlığın dəstəklənməsi məqsədilə dünyanın bir çox ölkələrində müxtəlif mexanizmlər tətbiq olunmaqdadır.

Qeyd etmək lazımdır ki, maliyyə resurslarına çıxışın və təklif olunan maliyyə resursları üzrə faiz dərəcələrinin qənaətbəxş səviyyədə olmaması müasir dövrdə sahibkarlıq subyektlərinin üzləşdikləri ən aktual problemlərdən hesab olunur. Bu problemin həlli istiqamətində ən effektiv mexanizmlərdən biri kimi sahibkarlıq kreditlərinə dövlət tərəfindən zəmanət və subsidiyaların verilməsindən uğurla istifadə olunur. Sahibkarlıq kreditlərinə zəmanətlərin verilməsi mexanizmi iqtisadiyyatı inkişaf etməkdə olan ölkələrlə yanaşı, iqtisadi baxımdan dünyanın ən güclü inkişaf etmiş ölkələrində də (ABŞ, Fransa, Almaniya, Cənubi Koreya, Türkiyə və s.) geniş yayılmışdır.     

 Bu və digər ölkələrdə mövcud olan kredit zəmanət sxemləri kiçik və orta biznes sahəsində maliyyələşdirilməni asanlaşdırır, sahibkarlıq subyektlərinin  bank və digər borc resurslarından fəal istifadə etməsinə, cəlb edilən resursların maya dəyərinin  optimallaşdırılmasına imkanlar yaradır və kredit risklərinin əhəmiyyətli dərəcədə azaldılmasına səbəb olur.

Dövlətin dəstəyi ilə yaradılan ixtisaslaşmış zəmanət fondları müəyyən edilmiş meyarlara uyğun sahibkarlıq subyektlərinin kreditləri üzrə zəmanət (təminat) verirlər. Bu isə öz növbəsində maliyyə institutlarının  sahibkarlıq subyektlərini daha inamlı və etibarlı şəkildə maliyyələşdirməsinə şərait yaradır.   

Təcrübədə kredit zəmanət mexanizminin əsas mahiyyəti dövlət tərəfindən kreditorlarla risklərin bölüşdürülməsi üzrə effektiv mexanizmin yaradılması yolu ilə formalaşmış mövcud iqtisadi şəraitdə maliyyə vəsaitlərinə, bank sisteminin təklif etdiyi kredit məhsullarına çıxışı olmayan sahibkarlıq subyektlərinin maliyyə institutları tərəfindən maliyyələşdirilməsinin təmin edilməsidir. 

Başqa sözlə, Kredit zəmanət mexanizmi maliyyə institutları tərəfindən sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə risk səviyyəsini azaltmaqla, iqtisadiyyatın kreditləşdirilməsinə əlavə impuls verir.  Bu mexanizm xüsusilə mikro, kiçik və orta, habelə yeni yaradılan  sahibkarlıq subyektləri üçün zəruridir. Belə ki, verilmiş zəmanət sahibkarın maliyyə resurslarına çıxışını əngəlləyən zəif cəhətlərini (məqbul girov təminatının olmaması, fəaliyyət sektoru üzrə risk səviyyəsi və s.) aradan qaldırmaqla, ona daha uzun müddətə və əlverişli şərtlərlə vəsait əldə etməyə imkan verir.

 

Sxem 1. Kredit zəmanət mexanizminin təsviri

Kredit zəmanət sistemi mövcud olan ölkələrdə bu fəaliyyətlə məşğul olan qurumların borcalanlar və kredit təşkilatları ilə olan münasibətləri, dövlət və maliyyə institutları arasında risklərin bölüşdürülməsi qaydası müxtəlif formalarda tənzimlənir.

Məsələn, Rusiya Federasiyasında Kiçik və Orta Sahibkarlığın İnkişafı üzrə Federal Korporasiya sahibkara verilən kreditin 70%-ni, Almaniyanın Zəmanət Bankları Assosiasiyası isə maksimum 80%-ni zəmanətlə təmin edir.

KredEx (Estoniya) bu həddi kreditin (yaxud lizinq, bank qarantiyası və s.) təminatlı və ya təminatsız olması əsasında müəyyən edir. Belə ki, təminatsız bank məhsullarına 80%-dək zəmanət verildiyi halda, təminatlı məhsullar üçün bu 60%-dək müəyyən edilib.

Fransanın Avropa Zəmanət İnstitutları Assosiasiyasının üzvləri olan BPİ France, SİAGİ, SOCAMA qurumları verilən zəmanətin kreditə maksimal nisbətini müvafiq olaraq 70%, 50% və 100% olaraq müəyyən etmişdir.

Kanada, Yaponiya və Lüksemburq kimi ölkələr isə bir çox hallarda 100%-lik zəmanət həddini tətbiq edirlər.

 

Azərbaycanda kredit zəmanət mexanizmin tətbiqi. Mövcud təcrübə

Son illər ölkədə maliyyə inklüzivliyinin artırılması, maliyyə xidmətlərinin çatdırılması kanallarının diversifikasiyası, sahibkarların, xüsusilə də kiçik və orta sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə Azərbaycan dövləti tərəfindən müxtəlif xüsusiyyətlərə malik geniş miqyaslı dəstək tədbirləri tətbiq edilir, qanunvericilik və institusional islahatlar aparılır.

Həyata keçirilmiş islahatlar çərçivəsində ölkəmizdə də beynəlxalq təcrübəyə əsaslanaraq, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanı ilə kredit zəmanət mexanizmi və həmin mexanizm çərçivəsində dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına kreditlər üzrə hesablanmış faizlərin bir hissəsinə  subsidiyaların verilməsi kimi maliyyə dəstəyi alətləri yaradılmışdır.

Kredit zəmanət mexanizminin formalaşdırılması və  inkişaf etdirilməsi Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (Fond) qarşısında prioritet vəzifə kimi müəyyən edilmişdir.

Hazırda Fond öz Nizamnaməsinə əsasən sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə, habelə manatla emissiya etdikləri istiqrazlar üzrə öhdəliklərinə təminatlar və sahibkarların bank kreditləri üzrə hesablanmış faizlərin bir hissəsinə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalar verilməsini həyata keçirir.

Fondun yaradılmasının əsas məqsədlərindən biri sahibkarların kreditlərə təminat verilməsi mexanizmlərini yeni iqtisadi əsaslarla daha da təkmilləşdirmək və bu sahədə göstərilən xidmətlərin səviyyəsini artırmaq olmuşdur.

Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanı ilə “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası”, “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunda kredit reytinqi sisteminin və digər risk menecmenti alətlərinin tətbiqi Qaydası” və “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi Qaydası” təsdiq edilmişdir.

Ölkədə beynəlxalq standartlara cavab verən uğurlu və effektiv kredit zəmanət mexanizminin qurulması məqsədilə müvafiq beynəlxalq təcrübə öyrənilmiş, müvafiq beynəlxalq maliyyə institutlarının tövsiyələri nəzərə alınmaqla təkmil normativ baza formalaşdırılmışdır.

 Anoloji beynəlxalq təcrübənin öyrənilməsi və beynəlxalq əməkdaşlığın qurulması istiqamətində aparılmış işlərin nəticəsi olaraq,  Fond 2018-ci ilin dekabr ayında Avropa Zəmanət İnstitutları Assosiasiyasına tam hüquqlu üzv seçilmiş, analoji xarici qurumlarla əməkdaşlıq əlaqələri qurulmuşdur.

        Eyni zamanda kredit zəmanət mexanizmi çərçivəsində Fond ilə kreditorlar arasında risklərin adekvat şəkildə bölüşdürülməsi, kredit risklərinin minimuma endirilməsi məqsədilə KPMG (Azərbaycan) beynəlxalq audit şirkətinin iştirakı ilə qiymətləndirmə aləti olaraq Kredit Reytinqi modeli yaradılmışdır.

Model vasitəsilə sahibkarlıq subyektlərinin ödəmə qabiliyyətinin qiymətləndirilməsi və risk kateqoriyalarının müəyyən edilməsi həyata keçirilir. Qiymətləndirmə prosesi maliyyə və qeyri-maliyyə göstəricilərinin təhlili və erkən xəbərdarlıq siqnallarının tətbiq edilməsi  vasitəsilə aparılır.

Müvafiq institusional hazırlıq işləri tamamlandıqdan sonra 2018-ci ilin sonlarından etibarən Fond tərəfindən sahibkarlıq subyektlərinə zəmanətlərin və faiz subsidiyalarının verilməsinə başlanılmışdır. 

 Hazırda Fond 17 müvəkkil təşkilatı vasitəsilə sahibkarların manatla aldıqları kreditlər üzrə zəmanətlərin və kredit öhdəlikləri üzrə subsidiyaların verilməsini həyata keçirir.

   

Cədvəl. Zəmanət və faiz subsidiyasının şərtləri

Şərtlər

Göstəricilər

Kreditin minimal və maksimal məbləği (manatla)

30 000 – 5 000 000 (bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə - 10 000 000)

Kreditin müddəti

7 ildən (dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi məqsədilə alınmış kreditlərin müddəti 2 ildən) çox olmamalı

Kredit xəttinin müddəti

12 aydan artıq olmamalı

Kredit üzrə güzəşt müddəti

2  ildən artıq olmamalı

Zəmanətin kreditə nisbəti

15%-dən az, 90%-dən çox olmamalı

 

Faiz subsidiyasının həcmi (illik)

8% (investisiya təşviqi sənədi almış və ya cari ildə ixrac təşviqi ödənilmiş sahibkara investisiyanın həyata keçirildiyi müvafiq iqtisadi fəaliyyət sahəsi üzrə ayrılan kreditlər üçün isə 10 %)

Sahibkar

-      qeyri-neft sektorunda fəaliyyət göstərməli;

-      Azərbaycan Respublikası ərazisində sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsini həyata keçirməli.

 

Görülən işlərin nəticəsi olaraq, Fond tərəfindən sahibkarlıq kreditlərinə zəmanət və faiz subsidiyalarının verilməsi mexanizmi çərçivəsində çoxsaylı sahibkarların, o cümlədən COVİD-19 pandemiyası nəticəsində zərər çəkmiş sahibkarlıq subyektlərinin maliyyə mənbələrinə çıxış imkanları genişləndirilmiş, təminat (girov) yetərsizliyi səbəbindən maliyyələşməsi mümkün olmayan layihələrə vəsaitlərin ayrılmasına nail olunmuş və ayrılmış subsidiyalar hesabına sahibkarlıq kreditləri üzrə müvəkkil bankların faiz dərəcələri bazarda formalaşmış faiz dərəcələrindən əhəmiyyətli dərəcədə aşağı olmuşdur.

Mexanizm çərçivəsində Fondun zəmanəti ilə müvəkkil banklar tərəfindən sahibkarlıq subyektlərinə 400 mln. manatdan çox kredit verilmişdir. Fondun zəmanəti ilə verilmiş kreditlər üzrə ümumilikdə orta illik faiz dərəcəsi 14,5% olduğu halda, subsidiya hesabına borcalanlar tərəfindən ödənilən illik faiz dərəcəsi üzrə orta göstərici 6,9% həcmində olmuşdur. Zəmanət verilmiş kreditlərin maliyyələşdirdiyi layihələrdə zəmanət verilən tarixə 32 min nəfərdən artıq insan çalışmış və əlavə olaraq 5,4 mindən çox yeni iş yerlərinin açılmasına şərait yaradılmışdır.

 


Zəmanət verilmiş kreditlər iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən sənaye məhsullarının istehsalı və emalı sahələrinə, maşın və avadanlıq istehsalına, tikinti sektoruna, qida sənayesi məhsullarının istehsalına, kənd təsərrüfatına, eləcə də digər, turizm və infrastrukturun inkişaf etdirilməsi ilə bağlı sahələrə, eləcə də ticarət və xidmət sektoruna yönəldilmişdir.


Gələcək planlar

Anoloji beynəlxalq təcrübənin öyrənilməsi, ölkədə formalaşmış kredit zəmanət mexanizminin təhlili göstərir ki, mexanizm kiçik və orta biznes sahəsində maliyyələşdirilməni asanlaşdırır, bank və digər kredit resurslarından fəal istifadə etməyə imkan yaradır və kredit risklərinin azaldılmasına səbəb olur.

Mexanizm çərçivəsində kreditorlar arasında risklərin adekvat şəkildə bölüşdürülməsi, təminat yetərsizliyi səbəbindən maliyyələşməsi mümkün olmayan layihələrə vəsaitlərin ayrılmasına şərait yaradır.

Mexanizmin effektiv şəkildə tətbiqi sahibkarlığın maliyyələşdirilməsinə, ölkə iqtisadiyyatının inkişafına, yeni iş yerlərinin açılmasına, sahibkarlıq sahələrinin genişlənməsinə və dövlət büdcəsinə vergi daxilolmalarının artmasına səbəb olur.

Fondun sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi üzrə  növbəti strateji dövr üçün planları 2020-2025-ci illər üçün hazırlanmış İnkişaf İstiqamətlərində öz əksini tapmışdır. Belə ki, strateji dövr ərzində mexanizmin həm kəmiyyət, həm də keyfiyyət nöqteyi nəzərdən genişləndirilməsi, əhatəliliyinin və benefisiarlara təqdim edilən məhsul kataloqunun artırılması hədəf kimi müəyyən edilmişdir.

Qeyd olunan hədəfə nail olunması üçün müvafiq sahədə Fondun mövcud və yeni dəstək alətlərinin (portfel təminatı və qiymətli kağızlara təminatın verilməsi alətləri) tətbiqinin genişləndirilməsi, sahibkarların kreditləşməsi sahəsində kreditorların risklərinin minimallaşdırılması istiqamətində işlərin görülməsi, o cümlədən bankların sahibkarların, xüsusilə də kiçik və orta sahibkarların kreditləşməsi sahəsində potensialının artırılmasının dəstəklənməsi planlaşdırılır.

Həmçinin inkişaf istiqamətlərinə uyğun olaraq növbəti dövrdə sahibkarlara dəstək yönümlü infrastrukturun inkişafı, eləcə də sahibkarların təminat və subsidiya üçün müraciət etmək imkanlarının genişləndirilməsi, konsaltinq və informasiya xidmətlərinin göstərilməsi və s. nəzərdə tutulur.