Fond haqqında
Azərbaycan Respublikasında əhalinin mənzilə olan
tələbatını ödəmək, yaşayış şəraitini yaxşılaşdırmaq, mənzil tikintisinin
səmərəli maliyyələşdirilmə mexanizmini yaratmaq, bu sahədə formalaşan təklifin
alıcılıq qabiliyyətli real tələbə uyğunlaşmasını təmin etmək və ipoteka
kreditləşməsinə yerli və xarici investorları cəlb etmək məqsədi ilə
"Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 sentyabr
tarixli 299 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Mərkəzi Bankı nəzdində
Azərbaycan İpoteka Fondu yaradılıb.
Azərbaycan
Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanına
əsasən, Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun yenidən
təşkili yolu ilə səhmləri dövlətə məxsus "Azərbaycan İpoteka Fondu"
ASC yaradılıb və Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 22 iyun
tarixli 940 nömrəli Fərmanı ilə Cəmiyyətin Nizamnaməsi təsdiq edilib.
Daha sonra
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli
Fərmanı ilə "Azərbaycan İpoteka Fondu" ASC-nin və "Azərbaycan
Respublikasının Kredit Zəmanət Fondu" ASC-nin birləşmə formasında yenidən
təşkili yolu ilə "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət
Fondu" qeyri-kommersiya hüquqi şəxsi yaradılıb.
Fondun idarəetmə orqanları aşağıdakılardır:
Himayəçilik
Şurası
Himayəçilik
Şurasının 5 üzvü vardır. Şuranın üzvlərini Azərbaycan Respublikası Prezidenti
vəzifəyə təyin və vəzifədən azad edir. Şura Fonda ümumi rəhbərliyi və nəzarəti
həyata keçirir.
İdarə Heyəti
İdarə
Heyəti Fondun fəaliyyətinə cari rəhbərliyi həyata keçirir. İdarə Heyəti 3
üzvdən – Azərbaycan Respublikası Prezidenti tərəfindən vəzifəyə təyin və
vəzifədən azad edilən İdarə Heyətinin sədri və onun iki müavinindən ibarətdir.
Fond Nizamnaməsinə əsasən aşağıdakı vəzifələri yerinə yetirir:
- ipoteka, o cümlədən güzəştli ipoteka kreditləşməsini həyata keçirir;
- ipoteka kreditləri, o cümlədən sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlər üzrə təminatlar verir;
- yaşayış sahələrini alır və satmaq öhdəliyi ilə kirayəyə verir;
- “Elektron ipoteka və kredit zəmanət” sistemini təşkil edir və onun fəaliyyətini təmin edir;
- kreditlərin anderraytinqinə və vəsaitdən təyinatına uyğun istifadəyə nəzarəti, habelə bank tərəfindən kredit reytinqi modelinin tətbiqini yoxlamaq məqsədilə qanunla müəyyən olunmuş qaydada sahibkarlıq subyektlərində monitorinqlərin aparılmasını həyata keçirir;
- istiqrazlar emissiya edir, həmçinin ipoteka kreditləşməsi sahəsində likvidliyin təmin olunması, Fondun fəaliyyətinin inkişaf etdirilməsi, səmərəliliyinin və etibarlılığının yüksəldilməsi üçün digər formada investisiyaların cəlb olunması üzrə fəaliyyəti həyata keçirir;
- ipoteka kreditləşməsi məsələləri üzrə məsləhət, informasiya xidmətləri və digər xidmətlər, habelə ipoteka kreditlərinin verilməsində iştirak edən banklar, sığortaçılar və qiymətləndiricilər üçün tədris proqramları həyata keçirir;
- sahibkarlara borcların idarə edilməsi, risklərin qiymətləndirilməsi və idarə olunması sahəsində məsləhət xidmətləri göstərir.