Müntəzəm verilən suallar

1

Hansı yaşayış sahələrini Fondun xətti ilə kirayə götürmək olar?

2013-cü il yanvarın 1-dən sonra inşa edilmiş, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və ya qabaqcadan qeydiyyata alınmış çoxmənzilli binalarda yerləşən təmirli yaşayış sahələrini və ya mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış binanın paylarla bağlı tərkib hissəsini, həmçinin Fondun fəaliyyəti ilə əlaqədar Fondun mülkiyyətinə keçmiş yaşayış sahələrini Fond ilə kirayə müqaviləsi bağlayıb kirayə götürmək olar.

2

Kirayəçi kimdir?

Kirayəçi Fondla satmaq öhdəliyi ilə kirayə müqaviləsi bağlamış şəxsdir. Kirayə müqaviləsi bağladıqdan sonra aylıq ödənişin minimum 12 mislini qabaqcadan ödəyən kirayəçi Fond tərəfindən təqdim edilən müvafiq yaşayış sahəsində kirayə qalmaq hüququ qazanır.

3

Fondun satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahəsini hansı qaydada mülkiyyətimə keçirə bilərəm?

Əvvəlcədən müəyyən edilmiş şərtlərə və tələblərə uyğun olan vətəndaşla Fond arasında satmaq öhdəliyi ilə kirayə müqaviləsi bağlanılır və həmin müqavilə üzrə kirayəçi öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirərsə, kirayə qaldığı yaşayış sahəsi yekunda müfaviq sənədləşmə işləri aparılmaqla kirayəçinin mülkiyyətinə keçir. 

Misal: Siz Fond ilə 15 il müddətinə kirayə müqaviləsi bağlayırsız. Kirayə verilən yaşayış sahəsinin alış qiyməti 100 000 manat təşkil edir. Qabaqcadan aylıq ödənişin 12 mislini (100 000 manat alış qiyməti) / 180 ay = aylıq ödəniş 555,55 manat * 12 ay qabaqcadan ödəniş = 6666,67 manat) ödədikdən sonra sizin 14 il ərzində hər ay 555,55 manat (100 000 manat alış qiyməti – 6666,67 manat 12 ay qabaqcadan ödəniş = 93333,33 manat qalıq borc / 168 ay = 555,55 manat aylıq ödəniş) ödəniş etmək öhdəliyiniz qalır. Alış qiymətinin qalıq hissəsinin tam məbləğini ödədiyinizdən sonra Fond Sizə kirayə götürülmüş yaşayış sahəsinin mülkiyyətinizə keçirilməsi üçün qeydiyyat orqanına təqdim edilməsi məqsədilə müvafiq sənədləri təqdim edir.

4

Satmaq öhdəliyi ilə kirayə müqaviləsi nədir?

Kirayə müddətində kirayəçiyə yaşayış sahəsini satın almaq hüququ verən və yaşayış sahəsini kirayəçinin istifadə etməsi, aylıq ödənişin müəyyənləşdirilməsi və ödənilməsi, habelə yaşayış sahəsinin kirayəçinin mülkiyyətinə keçməsi ilə bağlı məsələlərin tənzimlənməsinə dair Fondla kirayəçi arasında bağlanılan müqavilədir.

5

Fond tərəfindən satmaq öhdəliyi ilə kirayəyə verilən yaşayış sahəsinin alış qiyməti deyildikdə nə başa düşülür?

Kirayə müqaviləsinin müddətinin sonunadək kirayəçinin yaşayış sahəsini əldə etmək üçün ödəməli olduğu aylıq ödənişlərin cəmi (bu qiymət yaşayış sahəsini Fondun satın aldığı qiymətdən, habelə yaşayış sahəsinin satın alınması ilə bağlı çəkilmiş digər xərclərdən, Fondun bu məqsədlər üçün cəlb etdiyi vəsaitin dəyərindən, kirayə müqaviləsi üzrə mümkün ola biləcək zərərlərin qarşılanması məqsədilə yaradılan ehtiyatlar üzrə ayırmalardan, yaşayış sahəsinin Fond tərəfindən saxlanması, sığortalanması və idarə edilməsi ilə bağlı bütün xərclərdən formalaşır).

6

Satmaq öhdəliyi ilə yaşayış sahələrinin kirayəyə verilməsi nə üçün lazımdır?

Şəxsi vəsaiti yaşayış sahəsinin dəyərini birbaşa ödəməyə imkan verməyən, habelə ipoteka kreditinin tələblərini qarşılamağa imkanı olmayan insanları yaşayış sahəsini əldə etmək və ya yaşayış şəraitini yaxşılaşdırmaq imkanları ilə təmin etməkdir.

MİSAL: Ailə alış qiyməti 120 000 manat olan yaşayış sahəsi almaq istəyir. Lakin şəxsi vəsaiti buna kifayət etmir. Bu halda ailə 25 il müddətinə gələcəkdə mülkiyyətə keçməsi məqsədilə yaşayış sahəsini kirayə götürə bilər və bunun üçün cəmi 12 aylıq ödənişi qabaqcadan Fondun hesabına ödəməlidir. Aylıq ödəniş mənzilin alış qiymətinin kirayə müqaviləsi müddətindəki ayların sayına nisbətində müəyyən edilir. Bunun üçün ailə hər ay 400 manat (120 000 manat / 300 ay = 400 manat aylıq ödəniş) ödəmək şərtilə, ilkin olaraq 4800 manat (12 ay * 400 manat aylıq ödəniş) ödəyir.

7

Mən Fondun xətti ilə kirayə mənzil əldə etmək üçün ilk növbədə hara müraciət etməliyəm və hansı tədbirləri görməliyəm?

Əgər Siz kirayə mənzil ilə bağlı şərtləri məqbul sayırsızsa, gücləndirilmiş elektron imza (e-imza və ya ASAN imza) sertifikatı alırsız. Həmin gücləndirilmiş elektron imza ilə Fondun elektron sistemində elektron kabinet yaradırsız. Elektron kabinetdə ərizə-anketi doldurarkən müvafiq məlumatları daxil edirsiniz. Siz müəyyənləşdirilmiş şərtlərə və tələblərə uyğun olarsızsa, sizin elektron kabinetinizə bu barədə məlumat gəlir və ona uyğun mənzili seçmək hüququ verilir. Siz yaşayış sahəsinin seçimini etdiyinizdən sonra elektron kabinetinizə elektron bildiriş göndərilir və kirayə müqaviləsinin bağlanılması üçün ASAN xidmətə yönəldilirsiniz.

8

Hansı kateqoriya şəxslər üçün güzəştli şərtlər nəzərdə tutulub?

Kirayə mənzil mexanizmi müvafiq tələblərə uyğun hər bir Azəraycan Respublikasının vətəndaşına eyni qaydada şamil edilir.

9

Mənim gəlirlərimi rəsmi təsdiq edəcək iş yerim yoxdur, lakin sahibkarlıq fəaliyyətim ilə əlaqədar gəlirim kifayət qədərdir. Mən kirayə mənzil götürə bilərəmmi?

Müraciətinizə baxıldığı zaman yalnız vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada qeydiyyata alınmış sahibkarlıq fəaliyyətindən gələn gəlirlər nəzərə alınacaqdır.

10

MƏN 2 İLƏ YAXIN MÜDDƏTDİR Kİ, FƏRDİ OLARAQ DƏRZİ FƏALİYYƏTİ İLƏ MƏŞĞUL OLURAM VƏ SABİT VERGİ ÖDƏYİCİSİ KİMİ ÖDƏNİŞLƏRİMİ VAXTI-VAXTINDA APARIRAM. AYLIQ GƏLİRLƏRİMİN ÇOX OLMASINA BAXMAYARAQ, BUNU RƏSMİ OLARAQ TƏQDİM EDƏ BİLMİRƏM. MƏN GƏLİRLƏRİMİ TƏSDİQ EDƏN SƏNƏD TƏQDİM ETMƏDƏN KİRAYƏ MƏNZİL ƏLDƏ EDƏ BİLƏRƏM ?

Bəli. AR Vergilər Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə (bərbər, dərzi, çəkməçi, pinəçi, foto, audio-video xidməti, toy və şənliklərdə aparıcı, çalğıçı və s.)  muzdlu işçi cəlb etmədən fərdi qaydada məşğul olan sabit vergi ödəyiciləri kirayə mənzil üçün müraciət edə bilərlər. Belə ki, sabit vergi ödəyicilərindən gəlirlərini təsdiq etmələri tələb olunumur. Bu zaman onların orta aylıq gəlirləri fəaliyyət müddətindən asılı olaraq ölkə ərazisində cari il üçün mövcud olan minimum aylıq əmək haqqının (hazırda 250 manat) müvafiq mislinə uyğun aşağıdakı qaydada hesablanır:

  1. Müraciət anına 6 aydan 12 aya kimi müvafiq fəaliyyətlə məşğul olduqda ölkə ərazisində cari il üçün mövcud olan minimum aylıq əmək haqqının 2 misli məbləğində, yəni 250 * 2 = 500 manat; 

  2. 12 aydan 36 aya kimi olduqda 4 misli məbləğində, yəni 250 * 4 = 1000 manat

  3. 36 aydan çox olduqda isə 6 misli məbləğində, yəni 250 * 6 = 1500 manat

Bu halda 2 il fəaliyyət müddətinizə uyğun olaraq sizə 1000 manat gəlir təyin olunacaq.

11

YAŞAYIŞ SAHƏLƏRİNİN SEÇİMİ EKRANINDA ƏLAVƏ ÖDƏNİŞ BÖLMƏSİNƏ DAXİL OLDUQDA BİZƏ İKİ SEÇİM İMKANI TƏQDİM OLUNUR. BUNLARIN FƏRQİ NƏDİR ?

  1. Mənzillərin aylıq ödənişini maksimal aylıq ödənişinizə uyğunlaşdırılması üçün əlavə ödəniş – Bu bölməyə daxil olduqda sistemdə mövcud olan mənzillərin aylıq ödənişləri sizə təyin olunan maksimal aylıq ödənişə uyğun məbləğdə yenidən hesablanır və seçim üçün təklif olunur.

    Misal: Sizə maksimal aylıq ödəniş məbləği 735 manat təyin olunub və siz yaşayış sahələrinin siyahısından aylıq ödənişi 753.53 manat olan mənzili seçmək istəyirsiz. Bu zaman sistem tərəfindən mənzilin aylıq ödənişi sizə təyin olunan maksimal aylıq ödəniş həddinə uyğun yenidən hesablanır və yeni aylıq ödəniş 735 manat müəyyən edilir. Bu zaman həmin mənzili əldə etmək üçün qabaqcadan edəcəyiniz əlavə ödənişin məbləği sistemdə əks olunur.

  2. Maksimal aylıq ödənişinizin nəzərə alınmaması üçün (ödəmə qabiliyyətiniz) əlavə ödəniş – Bu bölməyə daxil olduqda ödəmə qabiliyyətiniz nəzərə alınmadan aylıq ödənişi daha yüksək mənzillər seçim üçün təklif olunur.

    Misal: Sizə maksimal aylıq ödəniş məbləği 450 manat təyin olunub və siz yaşayış sahələrinin siyahısından aylıq ödənişi 900 manat olan mənzili seçmək istəyirsiz. Bu zaman sistem tərəfindən sizin ödəmə qabiliyyətiniz nəzərə alınmadan həmin mənzil seçim üçün təklif olunur və bu zaman həmin mənzili əldə etmək üçün qabaqcadan edəcəyiniz əlavə ödənişin məbləği sistemdə əks olunur

12

Mən aylıq ödənişdən başqa əlavə ödəniş edə bilərəm?

Bəli, avans ödənişlər və yaşayış sahəsinin alış qiymətinin vaxtından əvvəl qismən ödənişlərini edə bilərsiniz:

  1. Yaşayış sahəsinin alış qiymətinin vaxtından əvvəl qismən ödənişi, məbləği ən azı aylıq ödənişin məbləğinə bərabər olmaqla, edirsiniz və ödənişin hansı məqsədlə edilməsinə dair seçiminizi edirsiniz - kirayə müddəti saxlanılmaqla aylıq ödəniş məbləğinin azaldılması və ya aylıq ödəniş məbləği saxlanılmaqla kirayə müddətinin qısaldılması. Etdiyiniz ödənişdən və seçiminizdən asılı olaraq ayın 1- 5 tarixləri ərzində ödəniş cədvəlində nəzərdə tutulmuş qaydada güzəşt tətbiq ediləcəkdir və yeni ödəniş cədvəli tərtib edilərək Sizə təqdim ediləcəkdir.

  2. Avans olaraq aylıq ödənişdən artıq ödəniş etdiyinizdə avans məbləği ödəniş cədvəlinə uyğun olaraq növbəti ödəniş vaxtları çatdıqda aylıq ödənişə yönəldilir.

13

Kirayə ala biləcəyim yaşayış sahəsinin maksimal alış qiyməti nə qədər ola bilər?

Fondun şərtlərinə və tələblərinə əsasən Sizin kirayə müqaviləsi üzrə aylıq ödənişinizin maksimal məbləği kredit tarixçənizin, gəlirlərinizin və xərclərinizin təhlili əsasında müəyyən edilir (müsbət, qənaətbəxş və ya mənfi kredit tarixçəsi ola bilər). Gəlirlər və xərclər arasında hesablanan fərq nəticəsində yaranan xalis gəlirin məbləğinin əvvəlcədən müəyyən olunmuş 100 faiz həddində aylıq ödənişin maksimal məbləği müəyyən edilir və buna uyğun olaraq Sizə müvafiq alış qiyməti ilə yaşayış sahəsini seçmək imkanı verilir.

14

Fondun satmaq öhdəliyi ilə kirayə verdiyi yaşayış sahələrini kimlər əldə edə bilərlər?

Fonda müraciət anına vaxtı keçmiş öhdəlikləri olmayan, məhkumluğu olmayan, yaşı 60-dan yuxarı olmayan, Fondla aktiv kirayə münasibətlərində olmayan rəsmi gəlirlərə malik Azərbaycan Respublikasının vətəndaşları bu hüquqdan istifadə edə bilər.

15

MƏN KİRAYƏ MƏNZİL ƏLDƏ ETMƏK ÜÇÜN AİLƏ ÜZVÜMLƏ (VALİDEYİNİM) MÜRACİƏT ETMƏK İSTƏYİRƏM. MƏNİM HAZIRDA 35 YAŞIM, AİLƏ ÜZVÜMÜN İSƏ 58 YAŞI VAR. BU ZAMAN KİRAYƏ MÜQAVİLƏSİNİN MÜDDƏTİ NECƏ HESABLANACAQ?

Qaydaya görə kirayə müqaviləsinin maksimal müddəti ərizəçinin yaşı əsasında hesablanır və kirayə müqaviləsinin müddəti ilə ərizəçinin müraciət anına yaşının cəmi 70 ildən çox olmamasına diqqət edilir. Bu halda ərizəçi sizsiniz və 35 yaşınız var. Bu o deməkdir ki, sizə maksimal kirayə müddəti 25 il təyin olunacaq.

16

Hansı halda mən kirayə müqaviləsi üzrə hüquq və vəzifələrimi başqa şəxsə ötürə bilərəm?

Sizin sonradan ödəmə qabiliyyətiniz azalıbsa, yaxud da hər hansı digər səbəbdən kirayə müqaviləsinə xitam vermək məcburiyyəti yaranıbsa, Siz özünüzün yeni kirayəçi ilə əvəz olunmanız barədə Fonda müraciət edə bilərsiniz. Bu zaman Fond Sizin təklif etdiyiniz namizədin mövcud prosedurlara uyğun olaraq qiymətləndirilməsini aparır və əgər namizəd şərtlərə və tələblərə cavab verirsə, onda Sizinlə kirayə müqaviləsinə xitam verilir və yeni kirayəçi ilə Sizin istifadə etdiyiniz yaşayış sahəsinə dair müqavilə rəsmiləşdirilir. Tərəfinizdən ödənilmiş vəsaitin kompensasiya edilməsi barədə məsələ Sizinlə yeni kirayəçi arasında həll edilir.

17

Əgər kirayə müqaviləsinə mənim hərəkət və ya hərəkətsizliyim nəticəsində xitam verilərsə mən ödədiyim hansı məbləği geri ala bilərəm?

Tərəfinizdən Fonda ödənilmiş aylıq ödənişlər (qabaqcadan ödənilmiş ən azı 12 aylıq ödəniş də daxil olmaqla) Fondun gəliri hesab olunur və geri qaytarılmır.

18

Fondun satmaq öhdəliyi ilə kirayə verdiyi yaşayış sahəsi hansı kommunal xidmətlərlə təmin edilir?

Fondun xətti ilə kirayə götürüləcək yaşayış sahələri işıq, qaz və su ilə təmin edilir, həmçinin normal yaşam standartlarına uyğun olaraq təmir olunur.

19

Fond satmaq öhdəliyi ilə kirayə müqaviləsinə hansı halda vaxtından əvvəl birtərəfli qaydada xitam verə bilər?

  1. Aylıq ödənişlər 60 gün və daha çox müddətdə ödənilmədikdə;

  2. Kirayə müddətində kirayəçi vəfat etdikdə və kirayə müqaviləsi üzrə hüquq və vəzifələr kirayəçinin vərəsələrinə keçmədikdə;

  3. Yaşayış sahəsi məhv olduqda və ya zədələnmə nəticəsində yaşayış sahəsi öz birbaşa təyinatı üzrə istifadə edilə bilməyəcək dərəcədə dəyişdikdə (bu hal baş verdikdə əldə olunan sığorta ödənişi kirayə müqaviləsi üzrə alış qiymətinin kirayəçi tərəfindən ödənilmiş hissəsi ilə alış qiymətinin ödənilməli olan qalıq məbləğinin nisbətinə müvafiq olaraq Fond ilə kirayəçi arasında bölüşdürülür);

  4. Kirayəçi yaşayış sahəsini Fondun icazəsi olmadan üçüncü şəxsin istifadəsinə verdikdə, həmçinin kirayə müqaviləsi üzrə üzərinə götürdüyü digər vəzifələri icra etmədikdə.

20

Mən və ailə üzvlərim Fondun xətti ilə kirayə götürdüyümüz yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyata alına bilərikmi?

Bəli. Satmaq öhdəliyi ilə kirayə müqaviləsində nəzərdə tutulur ki, kirayəçi və onun ailə üzvləri (yaşayış sahəsində Kirayəçi ilə birlikdə yaşayan Kirayəçinin arvadı (əri), habelə onların uşaqları və valideynləri, habelə yaşayış sahəsinə köçürüldükdə digər qohumlar (Kirayəçinin və ya onun arvadının (ərinin) qardaş və bacısı, baba və nənəsi, o cümlədən Kirayəçinin qəyyumluğunda olanlar və ya onun himayəsində olan şəxslər)) Fondun razılığı ilə kirayə mənzildə yaşayış yeri üzrə qeydiyyata alına bilərlər.
21

MƏN KİRAYƏ MÜQAVİLƏSİ BAĞLANDIQDAN SONRA YAŞAYIŞ SAHƏSİNİN DƏYƏRİNİ BİRDƏFƏYƏ ÖDƏMƏK İSTƏSƏM HƏR HANSI GÜZƏŞT TƏTBİQ EDİLİRMİ?

Əgər Siz kirayə müqaviləsi bağlanıldıqdan sonra alış qiymətinin qalıq hissəsini birdəfəyə bağlamaq istəsəniz, bu zaman Fond tərəfindən Sizə qalıq məbləğin müəyyən hissəsi güzəşt edilir. Güzəştlər barədə Elektron kabinetdə güzəştin hesablanması kalkulyatoruna daxil olmaqla məlumat əldə edə bilərsiniz.