13.09.2006

Azərbaycan İpoteka Fondunun mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikası Milli Bankının İdarə Heyətinin qərarı ilə "Azərbaycan Respublikasının Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondunun yenidən maliyyələşdirdiyi ipoteka kreditlərinin müvəkkil kredit təşkilatları tərəfindən verilməsinə dair standart Tələblərə"  əlavə və dəyişikliklər edilmiş, həmçinin AİF tərəfindən "Azərbaycan Respublikasının Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondunun vəsaiti hesabına ipoteka kreditlərinin verilməsi Qaydaları"nın sadələşdirilməsi məqsədi ilə müvafiq təkmilləşdirilmələr və şərtlərin yumşaldılması təklif edilmişdir.

AİF-in Standart Tələblərinə edilmiş əlavə və dəyişikliklər nəticəsində tələb olunan sənədlərin sayı azaldılmış yeni tikililərdə mənzillərin alınması mexanizmi və hesablaşma sistemi sadələşdirilmiş, borcalanların kredit alma imkanlarının genişləndirilməsi istiqamətində mövcud tələblər yumşaldılmış, bəziləri isə ləğv edilmiş, bazar infrastrukturu və iştirakçılarının sayı (ipoteka agentləri və brokerləri) genişləndirilmişdir.

Azərbaycan Respublikası Milli Bankının İdarə Heyətinin qərarı ilə bazar iştirakçılarının sayının artırılması zəminində Bank of Azərbaycan ipoteka  kreditləşməsi sistemində iştirak edən MKT-lərin siyahısına əlavə edilmişdir və digər müraciyətlər baxılmaqdadır. Eyni zamanda ipoteka  kreditləşməsi sisteminin genişləndirilməsi  və əhaliyə daha əhatəli xidmətlərin göstərilməsi məqsədilə sığorta və qiymətləndirici şirkətlərinin siyahısı bu qurumlardan alınmış müraciətlərə əsasən artırılmışdır.

Belə ki, sığorta şırkətlərinin siyahısına "Xalq Sığorta" MMC, "Paşa Sığorta" QSC, "Alfa" Sığorta MMC şirkətləri, qiymətləndirici şırkətlərin siyahısına "Caspian Property Services" əmlak şirkəti, "Azərkonsalt" Konsaltinq Şirkəti daxil edilmişdir. Bununla da ipoteka  kreditləşməsi sistemində iştirak edən sığorta və qiymətləndirici şırkətlərinin sayı 10 çatdırıldı. Bazar iştirakçıları barədə ətraflı məlumatı www.amf.az internet saytında almaq olar.

2006-cı il mart ayının 1-dən Azərbaycanda start götürmüş ipoteka  kreditləşməsi sisteminin xətti ilə 15 müvəkkil kredit təşkilatından artıq 12-si bu prosesə qoşularaq ümumi həcmi 1,848 mln manat təşkil edən 86 ipoteka  krediti verilmişdir.  Verilən  ipoteka kreditləri üzrə orta faiz dərəcələri 10,2%, minimal faiz dərəcəsi isə 8% təşkil etmişdir. İpoteka kreditlərin 30% -i əhaliyə minimal faiz dərəcəsi ilə 8% ilə, 45% -i isə 8-9% ilə verilmişdir.

Yay mövsümünə baxmayaraq, Azərbaycan İpoteka Fondu son iki ay ərzində verilən 42 ipoteka  kreditini, ipoteka  kreditləşməsi sisteminin yüksək templə  inkişaf etməsi kimi, vətəndaşlar tərəfindən MKT-lərə daxil olan minlərlə sorğuları və 180 rəsmi  müraciəti isə əhalinin ipoteka  kreditləşməsi sisteminə günü-gündən artan böyük marağının göstəricisi kimi qiymətləndirir. Beləliklə, son ayda ilk aya nisbətən əhaliyə 5,5 dəfə çox ipoteka krediti verilmişdir.

İpoteka kreditləşməsinin regionlara da genişləndirliməsi müşahidə olunur və bü günə  kimi "Texnikabank", "Azərdəmiryolbank", "Turanbank" və "Respublika" bankları  tərəfindən ümumilikdə 7 ipoteka  krediti verilmişdir. İpoteka kreditləri Mingəçevir (2), Quba (1), Sumqayıt (2) və Gəncə(2) şəhərlərində verilib. Naxçıvan Muxtar Respublikası, Lənkaran, Əli-Bayramlı və digər bölgələrdə də vətəndaşlardan yerli MKT-lərə müraciətlər daxil olmuşdur.

Verilən ipoteka kreditlərinin ümumi həcmi (1,82 mln.man) AİF-in hazırda hesabında olan və yenidənmaliyələşdirməyə ayrılmış 6 mln. manat vəsaitin  artıq 30%-nin istifadə olunmasını göstərir. Bu günədək AİF MKT-lər tərəfindən verilmiş ipoteka  kreditlərinin 22–nin yenidən maliyyələşdirilməsini həyata keçirib və MKT-lərin hesabına 482 min manat vəsait köçürüb.

Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanlarının icrasını təmin etmək məqsədi ilə, müəyyənləşdiriləcək güzəştli kateqoriyalar (gənc ailələr,  hərbi qulluqçular və s.) üçün ipoteka kreditləri üzrə güzəştlər mexanizminin tətbiq edilməsi əhalinin bu maliyyə xidmətindən  istifadə edilməsi üçün daha da geniş imkanlar yaradacaq.

Orta göstəricilər:

Kreditin məbləği - 21450 manat
Kreditin müddəti - 13 il
Faiz dərəcəsi - 10.2%

  • minimal - 8%

Aylıq ödəniş, AZN - 268 manat

  • minimal - 62 manat

Yaşayış sahəsi - 55 m2
Yaş həddi - 33 yaş