Strateji istiqamətlər

Son illər ölkədəki yüksək iqtisadi inkişaf dinamikası, maliyyə sisteminin sürətlə böyüməsi, müxtəlif sahələrdəki texniki-tərəqqi Fond qarşısında son yeniliklərə uyğunlaşmaq vəzifəsi yaradıb. Bununla əlaqədar, növbəti dövrdə Fondun qarşısında duran əsas prioritet istiqamətlər Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının 24 fevral 2020-ci il tarixli 01-2020 nömrəli qərarı ilə təsdiq edilmiş “2020-2025-ci illər üzrə İnkişaf İstiqamətləri”ndə öz əksini tapıb:

  • Əhalinin mənzil ehtiyacının təmin edilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması - Azərbaycan Respublikasında əhalinin maliyyə resurslarına çıxış imkanlarını yaratmaqla mənzil ehtiyacının təmin edilməsi və mənzil şəraitinin yaxşılaşdırılması Fondun qarşısında duran əsas vəzifələrdəndir. Bu baxımdan ölkə vətəndaşlarının yaşayış sahəsinə olan ehtiyacının ödənilməsi, xüsusilə azgəlirli ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-tikinti sektorunda rəqabət mühitinin gücləndirilməsi və sektorun inkişaf dinamikasının sürətləndirilməsi məqsədilə yaxın illərdə ipoteka kreditləşməsinin  əlçatanlığının artırılması, satmaq öhdəliyi ilə kirayə sisteminin genişləndirilməsi, yaşayış maliyyəsi sisteminin infrastrukturunun inkişafı istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Görüləcək tədbirlər əhalinin mənzil vəziyyətini yaxşılaşdırmaq üçün maliyyə resurslarına əlçatanlılığının artırılması, prosedurların sadələşdirilməsi, optimallaşdırılması və avtomatlaşdırılması yolu ilə sənədləşdirmə prosesinin sürətləndirilməsi və əhalinin xərclərinin azaldılması, Fondun risklərinə nəzarətin daha da yaxşılaşdırılması, baş verə biləcək maliyyə itkilərinin qarşısının alınması, mənzil vəziyyətinin yaxşılaşdırılması üzrə Fondun məhsullarından istifadə etmək imkanına malik olan şəxslərin əhatə dairəsinin genişləndirilməsini təmin edəcək.

  • Sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi – Son illər ölkədə məşğulluğun və qeyri-neft sektorunun hərtərəfli inkişafının təmin edilməsində sahibkarların rolunun yüksəldilməsi üçün mövcud istehsal və xidmət sahələrini müasirləşdirmək, genişləndirmək və səmərəliliyini artırmaq əsas məqsədlərdən biridir. Bütün bunlar, öz növbəsində, kredit resurslarına ehtiyacı olan kiçik və orta sahibkarların dövlət dəstəyi ilə daha geniş əhatə olunmasını zəruri edir. Xüsusilə, investisiya layihələrində risklərin tərəflər arasında bölüşdürülməsi, girov təminatı tələbinin alternativ vasitələrlə əvəz edilməsi və beləliklə, sahibkarların maliyyə resurslarına çıxışının yaxşılaşdırılması xüsusi aktuallıq kəsb edir.  Qeyd olunan hədəfə nail olmaq üçün sahibkarların maliyyə mənbələrinə çıxış imkanları və maliyyə xidmətləri ilə təminatlılığının artırılması, sahibkarlara maliyyə dəstəyi infrastrukturunun inkişafı nəzərdə tutulur.

  • Biznes proseslərin avtomatlaşdırılması - hazırda ölkədə xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə dövlət və qeyri-dövlət qurumları tərəfindən əhaliyə göstərilən xidmətlərin elektronlaşdırılması strateji hədəf kimi müəyyən edilib. Fond qarşısında qoyulmuş vəzifələrin icrası, strateji hədəflərə nail olunması, müasir tələblərə adekvat və təhlükəsiz İT sisteminin qurulması, biznes proseslərin maksimal dərəcəcədə avtomatlaşdırılmasını zəruri edir. Biznes proseslərin avtomatlaşdırılması məqsədilə daxili biznes proseslərin avtomatlaşdırma səviyyəsinin və keyfiyyətinin qiymətləndirilməsi, tam avtomatlaşdırılmanın başa çatdırılması, “Elektron Hökumət” portalına inteqrasiya olunmuş qurumlarla elektron məlumat mübadiləsinin təmin olunması həyata keçiriləcək.

  • Korporativ idarəetmə sisteminin təkmilləşdirilməsi - Fondun təşkilati yetkinliyə görə qabaqcıl maliyyə institutlarına çatması üçün bir sıra institusional idarəetmə sistemlərinin ən müasir səviyyəyə çatdırılması tələb olunur. Buraya əsasən daxili korporativ mühitin inkişafı, fəaliyyətin idarə olunması, habelə insan resurslarının, daxili dəstəkləyici xidmətlərin və risklərin idarə olunması sistemləri aiddir.

  • İnsan kapitalının inkişafı – insan kapitalı Fondun missiyasının uğurla yerinə yetirilməsinin əsaslarından birini təşkil edir və bu səbəbdən institusional inkişafın təməlində dayanır. Fondun fəaliyyəti əsasən ölkənin maliyyə-bank sistemi ilə əlaqəli olduğu üçün kadr potensialının bu sahədə mövcud standartlara uyğunlaşdırılması mühüm prioritetlərdəndir. Fond tərəfindən insan kapitalının inkişafını reallaşdıran və motivasiya edən təhsil, mükafatlandırma, karyera qurma və digər sistemlərin müasir təcrübələrə uyğun olaraq təkmilləşdirilməsi vacib şərtlərdəndir.


Fondun 2020-2025-ci illər üzrə İnkişaf Strategiyası